YÜKSƏK ELMİ TİTUL SAHİBİ

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin mətbu nəşri  olan  “ELM” qəzetinə müsahibəm:

Müsahibimiz Almaniyada yaşayan həmvətənimiz Rezo Rəhim oğlu Əliyev ilk azərbaycanlıdır ki, Almaniyada ən yüksək akademik titul olan “Doktor-Mühəndis” elmi dərəcəsinə layiq görülüb. 2001-ci ildən Frayberqda ACTech GmbH firmasında mühəndis tədqiqatçı vəzifəsində çalışan həmvətənimiz maşınqayırmada məşğul olduğu sahələr üzrə Avropa və ABŞ-da qeydiyyatdan keçmiş 10-dan çox patentin və 60-dan artıq elmi məqalənin müəllifidir. Onun tərcümeyi-halı 2007-ci ildə ABŞ-da çap olunmuş nüfuzlu “Whos Who in Science and Engineering 2008-2009” kitabına daxil edilib.

– Rezo müəllim, nə üçün elmi təhsilinizi məhz Almaniya Federativ Respublikasında davam etdirdiniz?

– Ali təhsilimi başa vurduqdan sonra mən, əlaçı tələbələr arasından seçilmiş və “Maşınqayırmada avtomatlaşdırılmış layihələndirmə sistemləri” kafedrası”nda gənc mütəxəssis kimi elmi-tədqiqat işləri ilə məşğul olmaq məqsədilə saxlanmışam. Hələ tələbəlik illərində elmə olan marağım, məni təhsildən sonra da bu işlə məşğul olmağa həvəsləndirirdi. Çalışdığım kafedrada, Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademiki, Azərbaycanın Əməkdar elm xadimi, professor H.Hüseynovun rəhbərliyi altında maşınqayırmada mütərəqqi texnologiyaların problemləri ilə məşğul olmağa başladım. Elə həmin andan dünyada maşınqayırma sahəsində aparıcı ölkə olan Almaniya alimlərinin elmi işləri ilə maraqlanıb, Azərbaycan kitabxanalarında bu haqda ədəbiyyatları araşdırdım. 1994-cü ildə Alman Akademik Mübadilə Xidmətinin bir elanına əsasən, mən, sənədlərimi elmi təcrübə keçmək üçün veriləcək təqaüd müsabiqəsinə təqdim etdim.

1995-ci ildə həmin təşkilatın 1 illik təqaüdünə layiq görüldüm və həmin ildən Frayberq Texniki Universitetində elmi fəaliyyətə başladım.

– Almaniya Federativ Respublikasında qarşılaşdığınız problemlər. Bu problemlərin yaranma səbəbləri?

– Almaniyaya ilk gəlişimdə qarşılaşdığım sosial problemlərə baxmayaraq bütün vaxtımı təhsilimdəki boşluqları doldurmağa sərf etdim. Qısa zamanda mənə aydın oldu ki, bizim aldığımız texniki təhsil çox nəzəridir. Təhsil proqramımız Almaniya texniki təhsilinə söykənsə də, təhsil zamanı biz texniki məşğələlər, istehsalat təcrübələri və ən önəmlisi, zamanla ayaqlaşan mütərəqqi texniki problemlərin çözülməsi ilə bağlı elmi layihələrdə çox az iştirak edirik.

Yuxusuz gecələr hesabına, ilk 1 il ərzində mən, alman mütəxəssisləri ilə eyni səviyyədə dura biləcək, bir elmi baza yarada bildim. 90-cı illərin əvvəlində Almaniyada ümumiyyətlə, Azərbaycan haqqında çox az məlumat olduğundan, tanınmayan dövlətdən gələn bir mütəxəssisin özünü təsdiqləməsi və tanıtması olduqca çətin idi.

– Necə oldu ki, ilkin addımlarda belə bir müvəffəqiyyətə nail oldunuz?

– Universitetdə çalışdığım müddətdə Frayberq şəhərində avtomobil hissələrinin emalı üzrə ixtisaslaşmış bir müəssisə ilə aparılan elmi layihədə iştirak edirdim. Məqsədimiz metal hissələrin sürətlə və aşağı maya dəyərində hazırlanmasına imkan verən yeni texnologiyanın işlənməsi dururdu. Qısa zamanda əldə etdiyim elmi nəticələr Universitetdə sınaqdan keçirildikdən sonra həmin firmada tətbiq edildi. 2001-ci ildə müdafiə etdikdən sonra mən həmin firmaya tədqiqatçı-texnoloq kimi işə dəvət aldım. İlk zamanlarda orada işlədiyim və patentlərlə qorunan texnologiyanın istehsalatda geniş tətbiqi üçün yeni şöbənin açılması ilə məşğul oldum. Həmin ildən bu günə kimi о şöbədə texnoloji problemlərin həlli ilə bərabər, firmanın digər texniki problemlərinin həllinə həsr olunmuş elmi-tədqiqat layihələrində iştirak edirəm. Çalışdığım firmada aparılan bütün elmi layihələrin koordinasiya edilməsi də mənə həvalə edilib. Əldə etdiyim nailiyyetlər üzrə 10-dan çox patent alınmışdır.

– Çalışdığınız elmi-texniki sahə üzrə yeniliklər nədən iarətdir?

– Çalışdığım sahə üzrə yeniliklər texnoloji proseslərin ve avadanlıqların internet üzərindən şəbəkələşdirilməsinə həsr olunan rəqəmsal bir mühitin yaradılmasından ibarətdir. Alman mühəndisləri, eləcə də alimlərinin qarşısında duran məsələlər belə şəbəkələşmiş texnoloji proseslərin layihələndirilməsi, tətbiqi və nəzarəti üzrə metodların işlənməsidir. İnformasiya texnologiyalarından istifadə edərək istehsal proseslərin bütövlükdə rəqəmsallaşdırılması və şəbəkələşdirilməsi istehsalçılar qarşısında yeni texnoloji imkanlar açır. Bu mənada “3D Çapetmə”ni (ingil. 3D Printing) misal çəkmək olar. Bu yeni texnologiya avtomobil, təyyarə, kosmik gəmilər və hətta məişət texnikasına aid olan hissələrin qısa zamanda hazırlanmasına imkan verir.

– Patentler və ya patentlərinizin verilməsi, aktuallığı və qorunması barədə məlumat verməyinizi xahiş edirəm.IMG-20170419-WA0001

– Almaniya dünyada mütərəqqi texnologiyalar üzrə aparıcı mövqe tutur. Bu mövqeni əldən verməmək üçün istər təhsildə, istərsə də istehsalatda əldə olunan bütün nailiyyətlər patentlə qorunur. İllik verilən patentlərin sayına görə Almaniya dünyada birincidir. Mənim son 20 ildə gördüyüm işlərin nəticələri də həmçinin patentlərlə qorunur. Ona görə də bu işlərin nəticələrinin dövri mətbuatda çap olunması mümkünlüyü məhduddur. Patent müəllifləri tətbiq olunan texnologiyanın gətirdiyi mənfəətə əsasən, hər il qonorar alırlar. Onu da qeyd edim ki, çalışdığım müəssisənin patent işlərini mən koordinasiya edirəm.

– Hal-hazırkı fəaliyyətiniz nədən ibarətdir və hansı istiqamətdədir?

– Hazırda çalışdığım müəssisədə Almaniya ali məktəbləri ilə birlikdə XXI əsr texnologiyası sayılan “3D Çapetmə”nin maşın hissələrinin istehsalında praktiki tətbiqi ilə məşğul oluram. Şirkətimiz ilə ali məktəblər arasında aparılan elmi tədqiqat işləri: kəsmə prosesinin dinamikası ve optimallaşdırılması, HSC emalı üçün alətlər ve CAD/CAM texologiyası, Additive Manufacturing və ölçmə üsullarıdır.

Bundan əlavə, Azərbaycanda təhsil alan tələbələr üçün Almaniyada mütərəqqi texnologiyalar, həmçinin ümumi biliklərin transfer olunmasına çalışıram. Bunu, əsasən, Azərbaycan dilində yazdığım kitablar şəklində həyata keçirirəm.

– Azərbaycanlı olan elm adamları ilə və ya dünyanın hər hansı bir ölkəsində çalışan alimlərlə dostluq əlaqələriniz mövcuddurmu?

– Azərbaycanlı mühəndislərin əsasən, Almaniyada məskunlaşması sayəsində onlarla dostluq əlaqələrim demək olar ki, yalnız bu ölkəyə aiddir. Bundan əlavə Frayberq Texniki Universiteti ilə birgə elmi fəaliyyətimiz çərivəsində dünyanın bir çox ölkələrində çalışan alimlərlə əlaqələrim yaranıb. Misal kimi, Rusiya, Çin, Hindistan, İspaniya, Gürcüstan, İngiltərədə olan əlaqələrimizi göstərmək olar.

– Almaniyada dəstək olduğunuz və elminə ümid bəslədiyiniz müasir azərbaycan gəncləri varmı?

– Cəmiyyətin inkişafı onun sağlam düşüncəli gəncliyinə söykənir. Gənclərin sərbəst və məqsədyönlü fikir yürütmək vərdişlərinə malik olmaları, elmə, təhsilə maraqlı olmaları, ölkədən kənarda azərbaycançılıq keyfiyyətlərinin təmsil etmələri və yaymaları, ən önəmlisi öz ana dilini məhəbbətlə öyrənmələri və onu inkişaf etdirməyə çalışmaları mənim bugünkü Azərbaycan gəncliyindən olan ən əsas gözləntilərim, onlara olan arzularımdır. Azərbaycanın bütün elm sahələrində inkişafa nail olmaq üçün çılğın gəncliyə ehtiyacı vardır. Bunu mənimlə ünsiyyətdə olan gənclərimiz də bilirlər. Bu ideyaları onlarla görüşdə həmişə aşılamağa çalışıram.

Almaniyada olduğum 20 ildən artıq vaxtda bir çox azərbaycanlı gənclərin burada təhsil almalarında müəyyən dərəcədə yardımçı olmuşam. Onlardan bir neçəsinin adlarını: Pərviz Mövlazadəni, Seymur İbrahimovu, Nurlana Məmmədovanı, Rafiq Hüseynovu, İlqar Abbasovu və digərlərini göstərə bilərəm, onlarla fəxr duyuram!

– Almaniyada milli birliyi olan təşkilatmız mövcuddurmu və onunla əlaqəniz necədir?

– 90-cı ilin ortalarından başlayaraq Azərbaycandan Almaniyaya gələn tələbələrin sayı artmağa başlamışdır. Əsas axın, 2000-ci ildən sonraya təsadüf edir. 20 il bundan öncə hər şəhərdə 1-2 tələbə təhsil alırdısa, hal-hazırda hər universitetdə onlarla azərbaycanlı tələbələrə rast gəlmək olur. Tələbələrlə – elmlə məşğul olanlarla ünsiyyətdə olmaq, onlara bu və ya digər məsələlərin həllində yardım etmək həmişə mənim həvəslə gördüyüm işlərə aid olub. Ayrı-ayrılıqda şəxsi və milli məsələlərin müzakirəsi çətin olduğundan 10 il öncə burada təşkilatlanmağa qərar verdik. Beləliklə, 2007-ci ildə Frayberq şəhərində “Almaniyada təhsil alan tələbələr və elmi işçilər birliyini” yaratdıq. Hal-hazırda bu təşkilat Almaniya üzrə aktiv fəaliyyət göstərən, tələbələr arasında şəbəkələnməyə xidmət edən yeganə təşkilatdır. Mənim buradakı fəaliyyətim də bu təşkilatın daxilində özünə yer alır. İldə bir neçə dəfə keçirilən elmi tədbirlərin təşkilində və keçirilməsində ailəlikcə yaxından iştirak edirik.

– Azərbaycanda elm sahəsində görmək istədikləriniz, arzu və təklifləriniz.

– Azərbaycan elmi onun təhsil sistemi ilə bir başa bağlıdır. SSRİ dağılandan sonra təhsil sistemində yaranan boşluğu son illərdə aparılan islahatlar sayəsində aradan qaldırmağa cəhd edilir. Boloniya sisteminə qoşulmanı buna misal göstərmək olar. Təəssüflər olsun ki, bu dəyişiklər bu günə kimi lazımi nəticəni verə bilməmişdir, təhsil və elm fəlsəfəsi elə əvvəllər olduğu kimi qalmışdı.

Elmlə məşğul olanların daha çox praktiki düşünmələri və bunun tətbiqi üçün şəraitin yaradılması arzu olunan amillərdəndir. Bu təkcə texniki elmləri yox, digər sahələrə də aid edilməlidir. Elm yalnız təcrübə ilə vəhdətdə güclü effekt verir və onun əsas amalı olan insanların rifahını yaxşılaşdırmağa şərait yaradır.

Mənbə:   Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qəzeti “ELM”, № 07(1174)

2017-04-18

Bu yazı Almaniya həyatı kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.